Koronavirusa qarşı mübarizə məqsədi ilə yaradılan Operativ Qərargahın çağırışlarında bölgələrdə də tətbiq edilən karantin rejiminin tələblərinə ciddi riayət edilməli olduğu vurğulanır. Bu çağırışa Şəmkir rayonunda necə əməl olunması ilə maraqlandıq.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Şəmkir rayonunun mərkəzində dezinfeksiya işləri ciddi şəkildə aparılır. Küçələr və ictimai iaşə obyektləri gündə bir neçə dəfə yuyulur. Dezinfeksiya edilir.
Bugündən etibarən kəndlərdən rayonlara işləyən marşrut xətləri də fəaliyyətini dayandırıb. Küçələr isə bomboşdur.
Çayxana və kafelər isə gündə 3 saat fəaliyyət göstərir.
Saat 12:00-15:00 arasında əhaliyə xidmət göstərən bu ictimai iaşə obyektlərində adi günlərdə olduğundan qat-qat az insanın gəldiyi vurğulanır. Yalnız ərzaq mağazaları fəaliyyətdədir. Hələ ki, ərzaq təminatı ilə bağlı hər hansı problemin yaşanmadığı bildirilir.
Adamlar daha çox evlərdə oturmağı və həyətyanı sahələrdə əkin-biçin işləri ilə məşğul olmağı üstün tuturlar. Həmsöhbət olduğumuz sakinlər koronavirusla mübarizənin ən yaxşı yolunu fiziki əməklə məşğul olmaqda gördüklərini bildirdilər.
Şəmkir rayonunun mərkəzində və kəndlərində apteklərdə tibbi maska, tibbi spirt və əlcək çatışmazlığı yaşanır. Əhali isə koronavirusla mübarizədə bu kimi ləvazimatların çatışmazlığından narahatlığını ifadə edir.
Lakin rayon mərkəzindəki apteklərdə tibbi vasitələr "yoxa çıxıb". Sakinlərin sözlərinə görə bəzi kəndlərdə 20 qəpik olan tibbi maskalar 80-90 qəpiyə satılır.
Qiyməti 2 manat 50 qəpik olan kiçik ölçülü tibbi spirtlər isə 3 manata alıcılara təklif olunur.